2023-cü ilin sonlarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən istifadəyə verilən “E-Şikayət” elektron xidməti üzərindən vətəndaşlar narazı qaldıqları telekommunikasiya operatoru və provayderlərinə, həmçinin tənzimləyici quruma elektron hökumət portalı üzərindən real vaxt rejimində müraciət edə bilirlər.
Bu il dekabrın 1-nə olan məlumata görə, “E-Şikayət”ə edilən müraciətlərin sayı 3700-ü ötüb. Onların 92,6%-i ilkin müraciət mərhələsində icra edilib, 5,7% civarında olan müraciətlər subyektlər tərəfindən icra mərhələsindədir. Yalnız müraciətlərin 1,7%-lik hissəsi vətəndaşların ilk icradan narazı qalması səbəbindən tənzimləyici qurumun araşdırmasındadır.
Daxil olan şikayətlər, onların sayı və şikayətlərə baxılma müddətinə görə agentlik tərəfindən rüblük olaraq müntəzəm ölçmələr aparılır və beynəlxalq metodologiyaya uyğun hər bir provayderin Şikayət indeksi və Şikayətlərin ortalama cavablandırılma müddətini əks etdirən göstəricilər dərc edilir. Təqdim edilən göstəricilər 2024-cü ilin iyul-sentyabr ayları üzrə olmaqla, 3-cü rübü əhatə edir və bazar payının 90%-ni təşkil edən şirkətlərə daxil olmuş müraciətlər əsasında formalaşıb.
Cədvəldə göründüyü kimi, Şikayətlərin ortalama cavablandırılma müddətinə görə birinci yerdə Kaspian Telekom MMC-yə aid Ailə NET internet xidməti qərarlaşıb, Ailə NET-ə daxil olan vətəndaş müraciətləri ortalama bir gün ərzində cavablandırılaraq öz həllini tapır və müştəri məmnuniyyəti ən yüksək səviyyədə təmin olunur.